Muğam
Azərbaycan xalqının ruhudur. Muğam xalqımızın incisidir, xalqımızın
genetik kodudur. Nəsillərdən-nəsillərə keçərək muğam Azərbaycan xalqının qan
yaddaşında qalıb, xalqımızın ürəyində əbədi iz buraxmışdır. Birinci
vitse-prezident, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın yazdığı kimi: "Muğam bizim qəlbimizin xüsusi
məqamıdır… Muğam dəryasının sualtı cərəyanları çoxdur, bu cərəyanlara daldıqca
biz insan hisslərinin sirli yelpazəsinin istiliyini hiss edə bilirik, varlığı
onun bütün müxtəlifliyində dərk edirik. Elə buna görə də biz muğama dönə-dönə
qayıdırıq. O artıq bizim həyatımızın hissəsi deyil, o bizim özümüzdür".
Bildiyimiz kimi, Heydər Əliyev
Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət
Nazirliyinin iştirakı ilə keçirilən VII Muğam televiziya müsabiqəsinə martın
12-də Beynəlxalq Muğam Mərkəzində start verilib. Çox sevindirici haldır ki, bu
müsabiqədə Xocalı rayonunu təmsil edən iştirakçı da var. Xocalı rayon Meşəli
kənd sakini Əkbərov Faiq məlahətli səsi, yüksək səhnə mədəniyyəti və uğurlu
çıxışları ilə bütün xocalılara qürur hissi yaşadır.
Əkbərov
Faiq Murad oğlu 18 dekabr 1996-cı ildə Gəncə şəhəri Kəpəz rayon Hacıkənd
qəsəbəsində dünyaya göz açıb. Onun valideynləri Xocalı rayon Meşəli kənd
sakinləridir. Faiq zəhmətkəş bir ailənin övladıdır. Atası Murad kişi II
qrup əlil, müharibə veteranıdır. I Qarabağ müharibəsinin fəal iştirakçısıdır. Yaxın
qohumları Xocalı soyqırımında və Meşəli faciəsində şəhid olublar. Faiq orta
təhsilini Xocalı rayon Kosalar kənd tam orta məktəbində alıb. Faiqə
dərs deyən bir müəllim kimi deyə bilərəm ki, o, yüksək tərbiyəsi ilə fərqlənib.
Məktəbin təşkilatı işlərində fəallıq göstərib. Sadə davranışı, mehriban və
səmimi xasiyyəti ilə həmyaşıdları arasında hörmət qazanıb. Vətənpərvərliyi,
ictimai işlərə münasibət bildirməsi ilə seçilən Faiq layiqli Azərbaycan gənci
kimi cəmiyyətdə öz mövqeyini tutmuşdur. Dəfələrlə Respublika əhəmiyyətli
müsabiqələrdə birincilik əldə edib, Fəxri Fərmanlarla təltif edilib. Cənab
Prezidentimiz İlham Əliyevin iştirakı ilə 2011-ci ildə Goranboy rayonu
ərazisində məcburi köçkünlər üçün salınmış Yeni Yaşayış massivinin açılışı
zamanı Prezidentimizin qarşısında muğam ifa etmişdir. Bundan sonra o, bir çox
tanınmış dövlət xadimlərinin iştirak etdiyi tədbirlərdə öz istedadını məharətlə
nümayiş etdirmişdir.
Faiq orta
məktəbi bitirdikdən sonra 2013-cü ildə Milli Konservatoriya nəzdində Asəf
Zeynallı adına musiqi kollecinə daxil olub, 2017-ci ildə həmin kolleci
bitirib.
Qeyd edim
ki, VII Muğam televiziya müsabiqəsində iştirak üçün ölkə üzrə ümumilikdə 400
ifaçı müraciət etmişdi. Regionlar üzrə seçim və paytaxtda keçirilən
dinləmələrdən sonra onlardan 20-si layihədə iştirak etmək hüququ qazanıb. Faiq
Əkbərov münsiflər heyətinin yekdil rəyi ilə müsabiqədə iştirak etmək üçün
vəsiqə qazanıb. Kiçik yaşlarından muğam oxuyan Xocalı bülbülünün gələcəkdə
muğam sahəsində nailiyyətlər əldə edəcəyi məlum idi.
Münsiflər
heyətinin tərkibinə xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum
İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının
katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı
direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir. Seçim
mərhələlərində münsiflər heyəti iştirakçıların səs imkanlarına,
zəhmətkeşliyinə, öyrənmə qabiliyyətinə, qavrayışına önəm veriblər. Münsiflər
heyəti Faiqin istedadını dəyərləndirir, ən yüksək xallarını verir və uğurlu
ifalarını alqışlayırlar.
Hər
həftənin 2-ci və 4-cü günü demək olar ki, bütün
muğam həvəskarları AZTV-də yayımlanan VII Muğam
televiziya müsabiqəsini izləyirlər. Xocalı rayon sakinləri də qürur və fəxr
hissi ilə müsabiqədə muğam bayramı abı-havasını öz məlahətli səsi ilə artıran
Faiqin ifalarını dinləyirlər.
Faiqin səsində sanki Qarqarçayın həzin axını, dumduru,
şəffaf Meşəli bulaqlarının zümzüməsi, ifasında Xanın, Bülbülün ruhu var. Faiqi
dinləyərkən xəyalən doğma torpaqlarımızda oluruq. Bizim doğma torpaqlarımıza
olan məhəbbət hissimizi, qayıdış arzumuzu coşdurur. Bu səs təbiətin yaz
fəslində quşların sevinc nəğməsi, payız fəslində həsrət nəğməsidir. Bütün ülvi
duyğularımızı oyadan Faiqin səsi, eyni zamanda Qarabağ çağırışıdır. Faiq
xocalıların vəhdətini təşkil edir, yaralarımıza məlhəm olur, ümidli gələcəyimizə
olan inamımızı daha da artırır.
Gənc xanəndəyə hər birimiz dəstək olmalıyıq. Onu daha
ilhamla oxumağa həvəsləndirməliyik. İnanırıq ki, Faiq yekun mərhələdə
müsabiqənin qalibi olacaq.
Dualarımız səninlədir, Faiq!
Qalib BƏYMƏMMƏDOĞLU